Qız bəyənmə və ya qızgörmə Xalq
arasında qızgörmədən sonra oğlan qərara gəlir, qızı bəyənirsə, yaxın
adamlarına bunu xəbər eyləyir. Qızın yerini – yurdunu öyrənib xəbər
tuturlar. Ailəsinin – anasının, atasının, bacı və qardaşlarının
kimliyini öyrənirlər. Sonra valideyinlərin fikri öyrənilir. Oğlanın ata
– anası razı olduqdan sonra qızın yaxın adamlarına – xalasına,
bibisinə, anasına xəbər göndərir. Onların ağzə aranır. Xəbər göndərmə Oğlan
evi arayıb, axtarıb qız evinə mğnasib, yaxın bir adam göndərir ki, kim
tərəfdən elçi gəldiyini qız evinə xəbər versin. Bəzən elə olur ki, qız
evi razılıq vermir. Necə deyərlər, “ətəyindəki daşı yerə tökmür”. Onda
elin – obanın ən mötəbər, hörmətli adamı qız evini razılığa gətirməyə
çalışardı. Kiçik elçilik Adətə
görə əvvəl iki qadın – oğul anası, yaxın qohumlarından biri elçi gedər.
Çünki həmişə analar qızın ürəyindəkiləri bilərdi. Elə ki, qadınlar
razılığa gəldi, ailənin şah damarı sayılan atalar görüşməli idi. Oğlan
atası üç nəfər hörmətli şəxslə qız evinə gedər. Elçi gedənlər öz
hərəkəti, davranışı ilə qız evinə bildirir ki, elçiliyə gəlib.“Elçiliyə gecə getməzlər”. “Elçilərin qarşısına qoyulan çay içilməz”. Elçilikdə deyirlər “qız ağacı qoz ağacı, hər gələn bir daş atar”, “qız yükü duz yükü”.Qız
atası elə birinci elçilikdən razılığa gəlmir. “Qız qapısı, şah qapısı”.
Bir qızla, anası ilə, yaxın qohum - əqrəbə ilə məsləhətləşim, sonra
qəti fikirimizi sizə bildirərik, deyir. Qızın rəyi soruşulanda
həmişə qız susar. Susmaqsa razılıq əlamətidir, - deyərlər. Ancaq yenə
qəti söz deyilməzdi. Böyük elçiliyə razılıq verilərdi. Çünki əsas sözü
böyüklər, ağsaqqallar deməli idi. E l ç i l i k Ata
ailəyə yaxın olan adamları - əmini, dayını və başqa qohumları evə dəvət
edir. Məsləhətləşdikdən sonra “elçi” getməyi qərara alardılar. Oğlanın
bacısı və ya gəlinləri qızı görüb, bir də ağzını “arayırdı”. Qızın razı
olduğunu görəndə öz fikirlərini ona deyirlər. Sonra qızın anasının
yanına gəlib eyhamla bildirirlər ki, “bəs filan gün sizə gəlirik,
elçiliyə”. Qızın anasıda evdəkiləri bundan xəbərdar edir. Yaxın
qohumlardan evə çağırırlar. Məsləhətləşdikdən sonra əgər öz aralarında
razılığa gəlirlərsə, qızın da fikirini öyrənirlər. Bunu da qıza yaxın
olan bacı, gəlin, ana və ya rəfiqəsi soruşur. Qız razı olduğunu
bildirmək üçün həmişə : “özünüz bilərsiz” deyir. Təyin olunmuş gündə
elçilər gəlir. Uzun söhbətdən sonra mətləbi açıb deyirlər. Əgər qız
tərəf razı deyilsə, rədd cavab verir. Bu söz daha dəyişilmir. Əgər
razıdırsa deyir ki, “qoy bir fikirləşək, götür -qoy edək məsləhətləşək,
sonra qərara gələrik. İndi isə qonağımızsınız”. Oğlan evi aradan bir
müddət keçdikdən sonra yenidən, ikinci dəfə elçiliyə gəlir. Yenədə
əvvəldən qız tərəfi xəbərdar edirlər ki, “sizə gəlirik”. Qız evi bu dəfə hazırlıqlı olur. Qonum – qonşudan da ağsaqqal, ağbirçək dəvət edirlər. Oğlanın
elçiləri gəlir. Onları yuxarı başa keçirirlər. Qız tərəf də əyləşir. Bu
məclisdə həm qadınlar, həm də kişilər iştirak edir. Təkcə qızın
anasından başqa. O da otağa girib çıxır, ancaq onlarla oturmur. Bir
qədər söhbətdən sonra oğlan tərəfdən bir nəfər mətləbi gətirir əsas
məsələnin üstünə. Qız tərəfə üzünü tutub, soruşur ki: “ hə, indi sizin
son sözünüz nədir?” Qız tərəfdən də əmisindən, dayısından biri bir
qədər yüngülcə minnətdən / daha qapımıza gəlmisiz, duz-çörək kəsmişik
və s./ sonra “Allah mübarək eləsin”, “Xoşbəxt olsunlar” deyir.
Oturanlar da birağızdan “Amin” söyləyirlər. Yeni qohumlar bir-birlərini
təbrik edirlər. Qızın bacısı və ya gəlinləri çay gətirir. Hamı
“şirin çay” içir. Bundan sonra bəzən yemək də verirlər. Elçilər
gedəndən sonra qızın bacısı və ya gəlinləri “gəlinin” “bacılığı”gilə
yollanırlar. Çünki elçi gələndə qız evdə oturmaz. Onlar qıza mübarək
deyir və evə gətirirlər. Evdə qızı qardaşları, ata-anası təbrik edəndə
o, həmişə ağlayır. Bəlgə və ya kiçik nişan Qızın
“hə”sini aldıqdan sonra uzağı bir aya qıza “bəlgə” deyilən kiçik nişan
gətirirlər. Yenə də əvvəldən qız evini xəbərdar edirlər. Bu məclisdə
iyirmi beş, otuz nəfərə yaxın adam iştirak edir. Burada ən çox qızın
rəfiqələri, tay-tuşları olur. Onlar bəzədilmiş stolun arxasında, -
qızın dövrəsində əyləşirlər. Oğlan evi gəlir, özləriylə bir nişan
üzüyü, bir yaylıq və şirniyyat gətirirlər. Məclis başlanmamış oğlanın
bacısı, qardaşı, gəlinləri və ya atası üzüyü qızın barmağına taxır,
yaylığı çiyninə salır və bir şirni götürüb qıza dişlədir, yarısını isə
götürüb oğlana gətirirlər. Sonra hamı ağzını şirin eyləyir. Yeyib –
içib şənlənirlər. Oğlan evi gedəndən sonra qızların məclisi başlanır.
Təzə gəlin bir – bir sağ əlini subay qızların başına qoyur. Sonra durub
yerini verir qızlara. Bir də qız üzüyünü kimə birinci versə ki salsın
barmağına, deyirlər indi növbə onundur, o, gedəcək. Sonra qızlar evə
gedəndə özləri ilə şirniyyat aparırlar. Gecə yatanda isə iki eyni cür
nişan şirnisindən qoyurlar balışın altına. Deyirlər ki, onda gedəcəyi
oğlanı yuxuda görürlər. Böyük nişan Bəlgədən
bir neçə ay sonra böyük nişan gətirirlər. Buna oğlan tərəf çoxdan
hazırlaşmış olur. Nişanda qız üçün hər nə lazımdır alıb gətirirlər.
Təkcə ayaqqabıdan başqa. Deyirlər ki, ayaqqabı darlıqdır. Onu da
alırlar. Ara günlərdə qaynana qızın yanına gələndə gətirir. Nişanda bütün xərci çox vaxt oğlan evi göndərir. Ət, yağ, un, düyü, göyərti, bir sözlə, soğandan başqa hər şey. Soğan acılıqdır. Oğlan evi nişanı, qırmızı lentlə bəzədilmiş xonçalarda və çamadanlarda gətirirlər. Hamı
yeyib – içib, şənlənəndən sonra süfrə yığıçır. Qızı oturdurlar yuxarı
başda. Qabağına güzgü qoyurlar, şam yandırırlar. Xonçalarıda düzürlər
dövrəsinə. Bundan sonra oğlan yengəsi /qardaşı arvadı/ xonçanın üstünə
nəmər atır. Qız yengəsidə gəlib nəmər atır. Bundan sonra oğlanın bacısı
başlayır gətirilən şeyləri nümayiş etdirməyə. Oturanlar da birağızdan
“mübarəkdir” söyləyirlər. Sonra nişanda gəlmiş ətirlərdən birini
götürüb, verirlər oturanlara, hamı onunla ətirlənir. Xonça gətirmə Nişandan
sonra qız kimin toyuna, şaxına getsə onun adına xonça gətirirlər.
Burada qızlar oturur bir tərəfdə. Bu zaman qaynana əlində xonça oynaya
– oynaya girir məclisə. Gəlir gəlinin qabağına. Alnından öpüb onu
qalxızır və xonçanı qoyur onun yerinə. Qızı oynadır. Bundan sonra
baldız, qayın, elti və bəy gəlini oynadırlar. Bayramlıq Toya
qədər bütün bayramlarda qıza bayramlıq gətirirlər. Bunlardan ən
maraqlısı novruz bayramlığıdır. Bu bayrama qaynana həvəslə hazırlaşır.
Ya axır çərşənbə, ya da bayram axşamı gəlinə bayramlıq gətirirlər.
Burada qıza qırmızı rəngli paltar, ya yaylıq, bir zinət, başına xına
qoyulmuş buynuzlu qoç gətirirlər. Bundan başqa şəkərbura, paxlava,
qatdama, qoz – fındıq, innab, xurma ilə dolu xonçalar, şamlarla
bəzədilmiş səməni və səbətlər gətirirlər. Gəlinin başına, əlinə,
ayağına xına qoyurlar. Danışığagəlmə Bir gün oğlanın atası qız evinə xəbər göndərir ki, sabah danışığa gəlirik, evdə olun. Səhərisi gün oğlan tərəfdən əmi, dayı, ata və başqa yaxın adamlar, qohumlar iştirak edirlər. Bu məclisdə çox vaxt kişilər iştirak edir. Burada qızın, bacılığının və oğlanın qardaşlığının ataları da iştirak edir. Danışıqda toy günü təyin olunur. Çalğıçının kim olacağı, toyu kim aparacağı müəyyənləşdirilir. Toyda xərci oğlan evi verir. Bəzən qız atası xərc istəmir. Ancaq oğlan evi qız toyuna bacardığını göndərir. Danışıb razılığa gələndən sonra bir – birlərinə xeyir dua verib ayrılırlar. Cehiz Toydan
iki – üç gün əvvəl gəlinin cehizini gətirirlər. Bunu gəlinin
qardaşları, əmisi, dayısı, bibisi, xalası oğlanları, bəyin dostları və
“qardaşlığı” gətirirlər. Ana gəlinin cehizini düşürmək üçün gəlinin
qardaşına nəmər verir. Sonra gəlinin yengəsi, bacısı evi bəzəməyə
gəlirlər. Onlar evi bəzəyib qurtarandan sonra əşyaların bəzisinə
qırmızı lent bağlayırlar. Qaynana evi bəzəyənlərə də xələt verir. Fətirüstü Artıq
qız evində toy tədarükü görülür. Qab – qacaq yığılır. Fətir bişirilir,
səhər tezdən ocaqlar qalanır. Qadınlar başlayırlar fətir bişirməyə.
Cavan qızlar fətir bişirənlərər qulluq edirlər. Oğlan evindən də
bir dəstə qadın, başda oğlanın anası, gəlirlər qız evinə. Fətir
bişirənlərə xələt verirlər. Axşam heyvan kəsilir. Cavanlar yığılıb
içalat kababı bişirirlər, “baş – ayaq asırlar”. Mağar qururlar. Oturacaqlar düzürlər.Mağarı xalça – palazla bəzəyirlər. Sabah üçün bütün işləri görüb qurtarırlar. Çörəkbişdi Toy günündən üç gün qabaq seçmə qadınlar, qız – gəlinlər yığışıb oğlan və ya qız evinə “çörəkbişdi”yə gəlirlər. Xamır
yoğrular, kündə kəsilər, yuxa, lavaş yayılar bişirilərdi. İlk bişən
çörək oğul və ya qız anasına verilərdi. “Süfrəniz bərəkətli, çörəyiniz
isti olsun”, deyilərdi. Paltarbiçdi Toydan
qabaq qız evində “paltarbiçdi olardı;”. Bu məclisdə ancaq qadınlar
iştirak edərdi. Qohum - əqraba qıza aldığı hədiyyəni göstərər, sonra
xüsusi kiçik torbalarda hazırlanmış şirniyyatdan götürərdilər. Sonra
qız bacısı gəlinin ata evindən aparacağı cehizi göstərərdi. Cehizlər
oğlan evinə aparılar və gəlin otağı bəzənərdi. Ev bəzəyən qızlara oğlan
anasından xələt verilərdi. Hamı şənlənərdi. Qız şaxı Hər
qızın yaxın rəfiqəsi, bacılığı var. Kimin toyu oldu, bacılığı “şax”
qaldırır. Şaxqaldırma geniş yayılmış bir adətdir. Şax taxtadan
düzəldilmiş üstünə güzgü, şam, parça, şirni, meyvə bərkidilmiş bir toy
bəzəyidir. Onu bəzəməyə də xüsusi məharət lazımdır. Əgər toyu olan
qızın bacılığı ərə gedibsə, gəlin olduğu evdən şax qaldırır. Bacılıqgildə
süfrə açılır, şax bəzədilir. Cavanlar oynaya – oynaya gəlirlər
bacılıqgilə. Yeyirlər, içirlər, oynayırlar. Axşam təxminən saat
doqquzda, onda oğlan evindən cavanlar gəlir qız şaxına. Bəy də gəlir,
qardaşlıq da. Həyətdə “lopa” yandırırlar, tonqal qalayırlar, o ki var
oxuyub – oynayırlar. Sonra da şaxı götürüb çala – çala, tüfəng ata –
ata gəlirlər qız evinə. Qız evində də yeyib – içib şənlənirlər. Xınayaxdı Qızlar
yığışır otağın birinə, qız yengəsidə islanmış xınanı götürüb düşür
ortaya, oynayır. Sonra bir sini, bir də boş bir kasanı gətirib qoyur
oğlan adamının qabağına. O da boş kasaya pul atıb, xınanı götürür.
Oynaya – oynaya gəlir qızın yanına. Onun əllərinə, ayaqlarına xına
qoyur. Sonra da məclisdəkilərin qabağına gətirir. Hamı xına qoyub,
nəmər salır. Qızlar “xınayaxdı”da olanda oğlanlar oynayıb,
şənlənirlər. Bu vaxt qız tərəfdən bir nəfər “ikirəngli” çay gətirib
qoyur bəyin və dostlarının qabağına. Onlarda çayı içib, boş nəlbəkiyə
nəmər qoyurlar. Qızlardan biri xına gətirir. Oğlanlar da çeçələ barmağını batırırlar xınaya. Kəbinkəsdirmə Kəbinkəsdirmə
toy günündən bir neçə gün qabaq olardı. Kəbini adətən molla kəsirmiş.
Bu mərasimdə hər iki tərəfdən iştirak edərmiş. Hər tərəfdən 1 nəfər
şahid olardı. Mollaya 3 manat pul, bir kəllə qənd pay verərmişlər.
Kəllə qənd çəkisi 8 kq. olarmiş. Kəbinkəsdirmədə hər iki tərəfin
yaxın adamı, bir çox hallarda isə qız və oğlan iştirak edərdilər.
Kəbinkəsdirmənin “siğə” forması da vardır. Azərbaycanda Sovet hakimiyyəti mövcud olandan sonra nigahın dövlət tərəfindən qeyd olunması forması tətbiq edilmişdir. Qız toyu Səhər saat on birdə, on ikinin yarısı “qara zurnanın” səsi ətrafa yayılar, kəndi ayağa qaldırardı. Toy başlanardı. Yenə
cavanlar yığılır qulluq etməyə. Dəstə - dəstə adamlar toy evinə gəlir.
Yeyir, içir, şənlənirlər. Kimi xonça gətirir, kimi də nəmər atır. Yemək verilməzdən əvvəl oğlan evindən bir nəfər kişi gəlir, yemək qazananın üstünə pul atır. Buna “qazanaçdı” deyirlər. Toyda
kəndin cavanları güclərini sınayır, güləşirlər. Kim ki, qalib gəldi,
gedib kimin qolundan tutsa onunla oynamalıdır. Burada boyun qaçırmaq,
etiraz etmək olmaz. Gərək oynayasan. Qalibə hörmət, xalqımızın ulu
adətidir. Oğlan evi qızı oynadır. Sonra isə təxminən saat dörtdə - beşdə geri qayıdırlar. Oğlan
evi getdikdən sonra yenədə yeyib – içirlər, oynayırlar. Saat altının
yarısı, olanda qız evində cavanlar yığışır “qız şaxına” getməyə. Toy günü Kəntdə toy üç gün olur – cümə, şənbə və bazar günləri. Toyun birinci günü axşam üstü başlayır. Toyu çalançılar aşıq, bir də toybaşı idarə edir. Kim hansı havanı oynamaq istəyirsə, toybaşıya sifariş verir. Toyun ikinci günü toy əhli oynayır, şənlənirlər, müxtəlif oyunlar keçirirlər. Qədim el havaları toyun bəzəyi olardə. Toyun
üçüncü günü qız toyudursa, gəlin tərəfi, oğlan toyudursa, bəy tərəfi
olur. Mağarda ayrıca üstü şirniyyatla bəzənmiş stol qoyulur. Stolun
üstündə güzgü də olur. Bəyin yanında sağdişi ilə soldiş oturur. Oğul
anası onlara hədiyyə verir. Bəy toy mağarına gecikəndə kim onun yerində
otursa hədiyyə alır, sonra durur ki, bəy otursun. Tərifdən sonra
bəyi və ya gəlini öz toyunda oynadarlar. Deyilənə görə bəy və ya gəlin
öz toyunda oynayanda həm bolluq olar, həm də ucuzluq. Gəlin aparma Azərbaycan
xalqının ən qədim havası olan “Vağzalı”nın sədaları altında oğlan evi
qız evinə gəlir. Onlar oynaya – oynaya, oxuya – oxuya deyirlər:Al almağa gəlmişik, Şal almağa gəlmişik. Oğlanın adamıyıq, Aparmağa gəlmişik.Gəlin
olan otağın qapısı bağlı olar. Bəy atası xələt verməyincə qız evi
gəlini otaqdan çıxmağa qoymazlar. Gəlin evdən çıxmamış ata – ana xeyir
– dua verər. Gəlinin belini qırmızı yaylıqla qaynı bağlayar. Gəlinin
başına duvaq atarlar. Həyətdə iri tonqal qalayıb ətrafında gəlini üç
dəfə fırladırlar ki, getdiyi ev işıqlı, ocağı isti olsun. Gəlinin dalınca daş atarlar ki, getdiyi yer möhkəm olsun. Gəlinin dalınca su atırlar ki, aydınlıq olsun. Gəlin
oğlan evinə çatan kimi ayağının altına qab qoyurlar ki, sındırıb
keçsin. Gəlini qapıda əyləşdirib quvağına oğlan uşağı verirlər ki, ilki
oğlan olsun. Gəlin ayağı altında qoyun qurban kəsilir. Qoyunun
qanından gəlinin alnına, bir də paltarına sürtürlər ki, istiqanlı
olsun, tez qaynayıb – qarışsın oğlan evinə. Gəlinin qaynaması başına sığal çəkər ki, mehribançılıq olsun. Gəlinin başına xırda pul, şirniyyat, düyü, buğda səpərlər ki, bolluq olsun. Gəlinin
qarşısında qırmızı lentlə bağlanmış güzgü aparırlar. Güzgü yengənin
əlində olur. Sağdişlə, soldişin əlindəki stəkanın içində düyü, şam
olur. Düyü bolluq rəmzidir. Gəlin bəzədilmiş otağa aparılır. Hamı birağızdan “xoşbəxt olsun”, “oğullu – uşaqlı olsunlar” deyir. Toydan üç gün sonra qız anası və qızın ən yaxın qohumları qızı görməyə gəlir. Oğlan toyu Qız
toyunun səhərisi oğlan evində toy başlanır. Səhər tezdən mağarı qurub,
bəzəyəndən sonra hazırlaşırlar gedib gəlini gətirsinlər. Əvvəlcə bütün
minikləri bəzəyirlər. Onlara qırmızı lent, kəlağayı bağlayırlar. Saat
on birdə, on ikinin yarısı yığışırlar getməyə. Gəlin gətirməyə nə
bəyin, nə də anası getmir. Qız evinin qapısında hamı minikdən düşür,
təkcə bəydən başqa. Qardaşlıq gəlir qız anasının yanına ki, xala, get
bəyi düşür. Qaynana gəlir sürücüyə xələt, bəyədə nəmər verib düşürür. Həyətdə
çalıb – oynayırlar. Qız gəlinlər yığışır gəlinin başına. Burada oğlan
yengəsi qız yengəsinə “başbəzəyi”nin haqqını, xələt verir. Qızın qaynı gəlinin belinə qırmızı lent bağlayır. Bunu edərkən 2 dəfə bağlayıb açır, 3-cü dəfə bağlayırlar. Qardaşı
qıza deyir. “Get qədəmin uğurlu olsun. Evimizə qonac çağıranda sənə
hədiyyə alacağam”. Sonra gəlinin əlinə pul qoyub bağlayırlar. Bütün
yaxın və uzaq qohumlar qızla öpüşüb görüşürlər. Nəhayət qızın atasına
yol verirlər. Ata bir neçə kəlmə ilə qızına nəsihət verir və xoşbəxtlik
arzulayır. Sonra onun alnından öpür. Gəlinə ana da xeyir – dua verir. Oğlanın
bacısı ucadan səsləyir; “Gəlin, gəlinimizi aparaq”. Bu vaxt qız evindən
kiçik uşaq qaçıb, qapını bağlayır. Buna “qapıbasma” deyirlər. Bəy və
“qardaşlıq” ona nəmər verir və qapını açırlar. Gəlini otaqdan bəy və “qardaşlıq çıxarır”. Həyətdə oğlan evi o ki var çalıb oynayırlar. Gəlini
miniyə əyləşdirirlər. Sonra qardaşlıq və başqa bir cavan gəlib, “qız
şaxını” GÖTÜRÜRLƏR. Hamı əlində şam və lampa yandırır. Qızın qabağında
güzgü tuturlar. Nəhayət hamı yola düzəlir. Fişəng atırlar, lopa yandırırlar və s. Yolda miniklər ötüşür. Təkcə gəlin miniyini heç kim ötmür. Yolda
miniklər dayanır. Biri gəlinin ayaqqabısının bir tayını götürüb, düşür
qabağa, hamıdan tez çatıb, ayaqqabını qaynanaya, qayınataya göstərib
deyir: “Muştuluğumu verin, gəlininiz gəlir”. Qaynınana ona xələt verir. Hamı
gəlib çatır, minikdən düçürlər. Qayınana sürücüyə xələt verib gəlini
düşürür. Bəyin qardaşı oynaya – oynaya gəlib gəlinin ayağı altında qoç
qurban kəsir. Qaynana qoçun qanından götürüb bəylə - gəlinin alnına
sürtür. Sonra hər ikisi qoçun üstündən keçirlər. Bişirilən ilk Fətiri ovurlar. İçinə xırda pul, düyü, qənd, konfet qoyub verirlər bəyə. O da tökür gəlinin başına. Sonra
gəlini aparırlar otağa. Gəlin oturmur. Qaynana gəlib ona xələt verir və
ya nə isə alacağına boyun olur. Sonra gəlib gəlinlə görüşür və ona
xələt verirlər. Buna “boygördüsü”də deyirlər. Bundan sonra hamı
əyləşir. Həyətdə də toy başlayır. Axşamüstü saat altıda, altının
yarısında qız evindən oğlan toyuna qohumlar gəlir. Qızın ata və
anasından başqa kim istəsə gələ bilər. Bir – iki saat oturub gedirlər.
Onlar gedəndən sonra “bəyin” dostları yığışırlar, “oğlan şaxına”
getməyə. Cavanlar gəlir “qardaşlıq”gilə. “Oğlan şax”ında ancaq oğlanlar
iştirak edirlər. Qızlar arada qulluq edirlər. “Bəylər” doyunca çalıb –
oynayırlar. Nəhayət, “oğlan şax”ını götürüb, qayıdırlar bəyin evinə.
Aşığın maraqlı rəvayətlərinə qulaq asırlar. Şaxların hər ikisini
bəylə gəlin dərir. Onun üstündəkilər də bəylə gəlinə çatır. Konfetləri
və meyvələri isə qonum – qonşuya paylayırlar. Üzəçıxdı Təzə
gəlin qayınatasından yaşınır və onun gözünə görünmür. Toydan 10 – 15
gün sonra qaynana süfrə hazırlayır. Ailənin bütün üzvlərini çağırır.
Hamı gəlib oturur, gəlindən başqa. Belə olanda qaynata gəlini səsləyir
və özü onu gedib gətirir. Sonra gəlinə qiymətli bir hədiyyə verib ona,
bu ailənin ən əziz üzvü olduğunu deyir. Bundan sonra gəlin heç kimdən
yaşınıb çəkinmir. Gəlingördü Toydan
iki – üç ay sonra qız evi oğlan evinə xəbər göndərir ki, “filan gün
gəlirik gəlini görməyə”. Oğlan evi hazırlıq görür. Yaxın qonum –
qonşudan üç – dördünü dəvət edir. Qızın anasıda yaxın adamlardan
götürüb gəlir qudasıgilə. Yeyib içib şənlənirlər. Axırda qızın anası
gəlinə və bəyə gətirdiyi hədiyyələri verib qayıdırlar. Ayaqaçdı Gəlingördükdən
sonra gəlinin anası qızını və kürəkənini evinə qonaq çağırır. Buna
“ayaqaçdı” deyirlər. Bir nəfərdən xəbər göndərirlər ki, yığışıb bizə
gəlir. Ayaqaçdıda kişilər də gəlir. Böyük məclis qururlar. Yeyib –
içirlər, çalıb – oynayırlar. Qızın anası oğlana və qıza aldığı
hədiyyəni verir. Həmin gün qızı evdə qonaq saxlayırlar. Bir – iki
gündən sonra əri gəlib aparır. “Ayaqaçdı”dan sonra bəylə - gəlin
istədikləri vaxt ora gedib – gəlirlər. Qonaqçağırma “Ayaqaçdı”dan
sonra həm oğlan, həm də qız tərəfdən ən yaxın qohumlar “bəylə - gəlini”
qonaq çağırırlar. Bu da bir növ “ayaqaçdı”ya bənzəyir. Qonaq
çağırdıqdan sonra bəylə - gəlin onların evinə gedib - gəlirlər. Qonaq
çağırarkən onlara hədiyyə verirlər. Ümumiyyətlə, “bəylə - gəlin” kimi
evinə ilk dəfə qədəm qoysa o zaman onlara hədiyyə verirlər. Nəvəgörmə Gənc
ailənin üçüncü üzvünün dünyaya gəlməsi, toy – bayrama çevrilir. İlk
nəvənin yorğan – döşəyini qız anası salar. Elə ki nəvə dünyaya gəldi,
nənə düşür əl – ayağa. Ən gözəl ipəkdən ona yorğan – döşək salır, beşik
alır. Nəvəni görməyə “qırx” çıxdıqdan sonra gedirlər. Gəlinin ata –
anası, bacısı – qardaşı, gəlinləri yığılıb gəlirlər. Körpəyə paltar
alırlar. Bu şeylərin hamısının qırmızı lentlə bağlayırlar. Körpəni
görəndə isə hamı qundağına nəmər qoyur.
|